Biri oksigen olmaqla iki
elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə
oksigenin oksidləşmə dərəcəsi -2 olur və o, ancaq başqa element atomları
ilə birləşir. Məsələn:
Na - O - Na
Oksigen atomlarının öz aralarında
rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır.
Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi -1 -dir. Məsələn:
Na - O - O - Na - natrium
peroksid; H - O - O - H - hidrogen peroksid.
NaO2, KO2
superoksidləri və OF2 - birləşməsi oksid deyil. Hazırda
He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri
alınmışdır.
Kimyəvi xassələrinə görə
oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür.
Turşularla və ya əsaslarla adi
şəraitdə qarşılıqlı təsirdə olmayan oksidlərə duzəmələgətirməyən
oksidlər deyilir. Bu cür oksidlərə NO2, NO, CO, SiO və s.
misal ola bilər. Duzəmələgətirməyən oksidlərə indeferent oksidlər də
deyilir.
Turşular və ya əsaslarla
qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirən oksidlərə duz
əmələgətirən oksidlər deyilir.
Duzəmələgətirən oksidlər əsasi, turşu,
amfoter və qarışıq
oksidlərə bölünür.
Hidratları əsaslara uyğun gələn və ya
turşularla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə əsasi
oksidlər deyilir:
Li2O, Na2O, MgO,
CaO, NiO, CuO və s.
Hidratları turşulara uyğun gələn və ya
əsaslarla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə turşu
oksidləri və ya turşu anhidridləri deyilir:
CO2, N2O3,
P2O3, P2O5, C2O7,
Mn2O7 və s.
Şəraitdən asılı olaraq həm turşu oksidi,
həm də əsasi oksid xassələri göstərən oksidlərə amfoter oksidlər deyilir.
Onlara bəzi metalların əmələ gətirdikləri oksidlər aiddir: BeO, ZnO, SnO, Cr2O3,
Al2O3, Fe2O3, SnO2 və
s.
Dövrlərdə oksidlərin xassələri əsasidən
amfoterə, amfoterdən turşuyadək dəyişir (1-ci və 7-ci dövr istisnadır).
Qruplarda əsas yarımqrup elementlərinin oksidlərinin əsasi xassələri
yuxarıdan aşağıya doğru artır.
Əgər metal bir neçə oksid əmələ
gətirirsə, onun oksidləşmə dərəcəsi artdıqca oksidlərinin əsasi xassələri
azalır; turşu xassələri artır. Məsələn, CrO - əsasi, Cr2O3
- amfoter, CrO3 - turşu oksididir.
Hidratları eyni elementin iki müxtəlif
təbiətli hidroksidinə uyğun gələn oksidlərə qarışıq və ya ikiqat oksidlər
deyilir.
Pb2O3 (PbO PbO2),
Mn3O4 (2MnO MnO2), Fe3O4
(FeO Fe2O3) birləşmələri ikiqat oksidlərdir.
[Əvvəlki səhifə]