Tərkibi bir və ya bir neçə
hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar
qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir.
Əsasların ümumi formulu Me(OH)n-dir.
Elektrolitik dissosiasiya
nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərək anion kimi
yalnız hidroksid ionu əmələ gətirən maddələrə əsaslar deyilir:
Ba(OH)2
→ Ba2+ + 2OH¯
-OH qrupu bir valentlidir və
yükü -1 olan iondur. Odur ki, əsasların tərkibindəki hidroksid
qrupunun sayı metalın valentliyinə bərabər olur:
NaOH; Ca(OH)2;
Al(OH)3
Əsaslar suda həll olmalarına,
turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. Əsasların
əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər
deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri
qələvilərdir.
LiOH, NaOH, Ca(OH)2
- qələvilərdir.
Cu(OH)2, Zn(OH)2,
Fe(OH)2, Al(OH)3 - suda həll olmayan
əsaslardır.
Əsasların tərkibindəki
hidroksid qruplarının sayı onların turşuluğunu müəyyən edir. Məsələn:
LiOH - birturşulu; Mg(OH)2 - ikiturşulu; Fe(OH)3
- üçturşulu əsaslardır.
Əsasların qüvvətliliyi onların
dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən
edilir. Tam dissosiasiya edən ən qüvvətli əsaslar qələvi metalların
hidroksidləridir. Dövri sistemin əsas yarımqruplarında yuxarıdan aşağıya
getdikcə əsasların qüvvətliliyi artır. Məsələn, 2-ci qrup elementlərinin
hidroksidlərindən
Be(OH)2 - amfoter, Mg(OH)2 -
orta qüvvətli, Ba(OH)2 - qüvvətli əsasdır.
Həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə ola bilən
hidroksidlərə amfoter hidroksidlər deyilir. Belə hidroksidlərə misal
olaraq Al(OH)3, Zn(OH)2, Zr(OH)3,
Fe(OH)3, Be(OH)2, Pb(OH)2 və s.
əsasları göstərmək olar.