Məlum olan 110-dan çox kimyəvi
elementin 80-dən çoxu metaldır. I, II, III qrupların həm əsas, həm də əlavə
yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII və VIII
qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Beləliklə,
metallar dövri sistemin əsasən sol aşağı hissəsində yerləşir.
Dövri sistemdə berilliumdan astata kimi
çəkilmiş diaqonala yaxın yerləşən elementlər (Be, Al, Ti, Ge, Nb, Sb və s.)
ikili (amfoter) xassəyə malikdir.
Metalların atomları böyük radiusa malik
olub xarici elektronlarını asan verir. Bu səbəbdən metallar geclü
reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi
göstərirlər. Onların reduksiyaedicilik xassəsi
metalların elektrokimyəvi gərginlik sırasında qızıldan kaliumadək artır.
Təbiətdə metallara sərbəst (Au, Pt, Ag,
Hg) və birləşmələr şəklində rast gəlinir.
Metallurgiya sənayesində metallar
filizlərdən alınır. Sənayedə metalları almaq üçün yararlı olan təbii
birləşmələr filiz adlanır.
Ən çox istifadə olunan filizlər
bunlardır:
1. Oksidlər: Al2O3 nH2O - boksit; Fe3O4
- maqnetit
2. Sulfidlər: Fe2S - pirit; HgS - kinovar
3. Karbonatlar: CaCO3 - əhəngdaşı, FeCO3
- siderit
4. Xloridlər: NaCl qalit, KCl - silvin
5. Sulfatlar: CaSO4 2H2O - gips, BaSO4
- ağır şpat
Filizlərdən metallar əsasən 3 üsulla
alınır:
1. Pirometallurgiya - metalların filizlərdən yüksək
temperaturda reduksiyaedicilərlə (C, CO, H2, aktiv metallar)
reduksiyası prosesidir.
Metalların filizlərdən aktiv metallarla (Al, Mg, Na) və
hidrogenlə reduksiyasına müvafiq olaraq metallotermiya və hidrogenotermiya
deyilir.
2. Hidrometallurgiya - metal birləşmələrinin məhlula
keçirilməsi və həmin məhluldan eletroliz və ya daha aktiv metallarla
reduksiyası prosesidir. Bu yolla Au, Ag, Zn, Cd, Mo, W və s. alınır.
3. Elektrometallurgiya - metal birləşmələrinin
ərintilərindən metalların (Na, K, Al, Ca, Mg, Be) elektroliz üsulu ilə
alınması prosesidir.
Metallar elektromənfiliyi yüksək olan
halogenlərlə, oksigenlə və kükürdlə daha aktiv reaksiyaya girir. Gümüş,
qızıl və platin oksigenlə reaksiyaya girmir.
Elektrokimyəvi gərginlik sırasında
hidrogendən solda yerləşən metallar sudan və duru turşulardan (nitrat
turşusundan başqa) hidrogeni çıxarır. Bu sırada hər bir metal özündən sağda
duran metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır.
Hidroksidləri amfoter olan metallar həm
turşu, həm də qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur.
Qızdırıldıqda fəal metallar hidrogenlə
oksidləşərək hidridlər əmələ gətirir.
Metallar bir-biri ilə də kimyəvi
birləşmələr əmələ gətirə bilir. Bu birləşmələrə intermetallik birləşmələr və
ya intermetallidlər deyilir. Onlar çox zaman
ərintilərin alınması zamanı əmələ gəlir.
Əsas yarımqruplarda yuxarıdan aşağıya
doğru metalların ənələ gətirdiyi oksidlərin və onların
hidroksidlərinin əsasi xassələri güclənir.
Bir neçə oksidləşmə dərəcəsi gostərən əlavə yarımqrup
metallarında oksidləşmə dərəcəsi artdıqca onların oksid və hidroksidlərinin
turşuluq xassəsi artır.
[Əvvəlki səhifə]