Kimyəvi element nüvəsinin yükü
eyni olan atom növüdür. Kimyəvi elementlərin sayı haqqında yalnız onu
demək olar ki, hal-hazırda 110-dan çox element mövcuddur. Bu say əlbəttə
ki, artmaqdadır.
Elementlərin istər yer
qabığında istərsə də kainatda yayılması müxtəlifdir. Belə ki,
oksigenin yer qabığında kütləsi 49,1 %, silisiumun kütləsi 26 %,
alüminiumun kütləsi isə 7,5 % təşkil edir. Ümumiyyətlə yer qabığında
kütləcə yayılmasına görə ilk 10 yeri tutan elementlər bütün
elementlərin kütləcə 99 %-ni təşkil edir.
Elementlərin yayılma miqdarına görə
təsnif olunduğu qruplardan biri nadir elementlər
adlandırılır. Bundan başqa səpələnmiş elementlər
anlayışı da elementlərin yer qabığında yayılma xarakteri ilə
əlaqədar olaraq meydana gəlmişdir.
Elementlər
metallar,
qeyri-metallar, amfoter (ikili xassəli) elementlər
kimi qruplara təsnif olunur. Bundan başqa elementlərin daha böyük
bölgüsü onların təbiətdə tapılmasına və süni yolla əldə edilməsinə
əsaslanır. Belə ki, məlum elementlərin təxminən 90-ı təbii,
qalanları isə süni elementlər hesab olunur.
Elementlərin xassələrinə görə
qruplaşdırılmasının ən mükəmməl variantı isə D.İ.Mendeleyev
tərəfindən yaradılmış
dövri sistemdir.
Elementlər kimyəvi işarələrlə göstərilir. Elementin latınca adının
ya ilk, ya da ilk və sonrakı hərflərindən biri kimyəvi işarə kimi
qəbul edilmişdir. Məsələn, latınca adı Hydrogenium adlanan hidrogen
- H, Nitrogenium adlanan azot isə - N kimi işarə olunur.
[Əvvəlki səhifə]