Qarşılıqlı kimyəvi təsirdə olan maddələri təşkil edən elementlərin oksidləşmə dərəcələrinin dəyişməsinə və dəyişməməsinə əsasən bütün kimyəvi reaksiyalar iki qrupa ayrılır: elementlərin oksidləşmə dərəcələrinin dəyişməməsi və elementlərin oksidləşmə dərəcələrinin dəyişməsi ilə gedən kimyəvi reaksiyalar.
    Birinci qrup reaksiyalarda qarşılıqlı kimyəvi təsirdə olan maddələrin tərkib elementlərinin heç biri reaksiya nəticəsində öz oksidləşmə dərəcəsini dəyişmir.
    İkinci qrup reaksiyalarda isə iştirakçı elementlərin hamısının və ya bir hissəsinin oksidləşmə dərəcəsi reaksiya nəticəsində dəyişir.
    Hazırda oksidləşmə-reduksiya proseslərinin mahiyyəti elektron nəzəriyyəsi ilə izah edilir. Bu nəzəriyyəyə əsasən kimyəvi reaksiyalarda atom, ion və molekulun özündən elektron verməsi ilə əlaqədar olan proses oksidləşmə, əksinə onların özünə elektron birləşdirməsi ilə gedən proses isə reduksiya adlanır.
    Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya əksinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.
    Oksidləşdiricilər və reduksiyaedicilər kimyəvi elementlər, sadə və mürəkkəb ionlar ola bilər.
    Tipik metallar kimyəvi reaksiyalarda özlərini reduksiyaedici kimi aparır.
    Hidrogen müxtəlif elementlərlə (qələvi və qələvi-torpaq metallardan başqa) qarşılıqlı kimyəvi təsir zamanı özünü həmçinin tipik metal kimi göstərir.
    Qeyri-metallardan flüor və oksigen kimyəvi reaksiyalarda elektron qəbul edərək, özlərini yalnız oksidləşdirici kimi aparır.
    Mənfi yüklü sadə ionlar qarşılıqlı təsir zamanı yalnız elektron itirir və beləliklə də reduksiyaedici xassəyə malik olur.
    Müsbət yüklü sadə ionlar valent elektronlarını itirən metal atomlarından əmələ gəlir.  Belə ionlar elektron qəbul etməklə oksidləşdirici xassə göstərir.
    Qeyd etmək lazımdır ki, metal atomu valent elektronlarının yalnız bir hissəsini itirməklə də ion əmələ gətirə bilir. Bu vaxt əmələ gəlmiş ion özünü şəraitdən asılı olaraq, həm oksidləşdirici və həm də reduksiyaedici kimi apara bilir.
    Mürəkkəb ionların oksidləşmə-reduksiya prosesinə olan münasibəti mərkəzi atomun oksidləşmə dərəcəsinin xarakteri ilə müəyyən edilir. Mərkəzi atomun ən yüksək müsbət oksidləşmə dərəcəsində mürəkkəb ionlar (NO3¯, AsO4, Cr2O7, MnO4¯)oksidləşdirici xassəyə malik olur.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png