Metallik hal üçün xarakterik olan
xassələrə malik iki və ya daha artıq metaldan, yaxud metaldan və
qeyri-metaldan ibarət sistemlərə ərintilər deyilir.
Ərintiləri almaq üçün metallar birlikdə
əridilərək qarışdırılır və soyudulur.
Bu üsulla ərintilə üç şəkildə - bərk
məhlul, müxtəlif metalların kristallarının qarışığı və intermetallik
birləşmələr şəklində alına bilər.
1. Bərk məhlul - metalların maye halda və bərkidikdən
sonra bir-birində bərabər paylanması nəticəsində əmələ gəlir. Bu növ
ərintilərə melxior (Cu+Ni), polad (Fe+C) və s. aiddir.
2. Müxtəlif metalların kristallarının qarışığı - metallar
maye halda bir-birində istənilən nisbətdə qarışıb, soyudulduqdan sonra
ayrılıqda kristallaşan zaman əmələ gəlir: Pb-Sn, Bi-Cd, Ag-Pb və s.
ərintilər.
3. İntermetallik birləşmələr - metallar bir-birində həll
olduqda onların atomlarnın öz aralarında reaksiyaya daxil olaraq əmələ
gətirdiyi birləşmələrdir. Beləliklə, bürüncdə CuZn, CuZn3, Cu3Zn2
tərkibli birləşmələr, çuqunda isə Fe3C birləşməsi əmələ gəlir. Bu
birləşmələr valentlik qanununa tabe olmur.
Birinci və üçüncü şəkildə alınan
ərintilər homogen, ikinci şəkildə alınan ərintilər isə heterogen
sistemlərdir.
Ərintilərin möhkəmliyi adətən onun
tərkibinə daxil olan metalların möhkəmliyindən çox, ərimə temperaturu,
parıltısı və elektrik keçiriciliyi isə az olur.
Texnikada 5000-dən çox ərinti tətbiq
olunur Onları müxtəlif əlamətlərə görə təsnif edirlər:
1. komponentlərin sayına görə (ikili, üçlü və s.);
2. quruluşuna görə (homogen, heterogen);
3. xarakterik xassələrinə görə (çətinəriyən, asanəriyən,
istiyədavamlı, bərk, paslanmayan və s.);
4. ərintinin əsasını təşkil edən metala görə (qara, əlvan,
nadir və s.)
Yüngül ərintilərin əsas komponenti
alüminium və maqneziumdur.
Qara ərintilərin əsas komponeneti
dəmirdir.
Əlvan ərintilərin əsas komponenti
misdir.
Asanəriyən ərintilərin əsas komponenti
bismut, qalay və qurğuşundur.
Nəcib və nadir ərintilərin əsas
komponenti gümüş, qızıl və platindir.
Ən geniş yayılmış ərintilərdən olan
polada müxtəlif legirləyici elementlər müxtəlif xassələr verir. Məsələn,
Cr - bərklik və korroziyaya davamlılıq
Si - turşuların təsirinə qarşı
davamlılıq
W - bərklik və istiyə qarşı möhkəmlik
Ti - istiyə davamlılıq, mexaniki
möhkəmlik, korroziyaya davamlılıq.
[Əvvəlki səhifə]