Dövri sistem dövri qanunu və
elementlərin atom quruluşunu əks etdirir. Müasir dövri sistemdə 110-dan çox
element vardır. Dövri sistemin 500-dən çox təsvir variantı vardır. Əsasən
iki formadan - qısadövrlü və uzundövrlü formadan istifadə olunur. Dövri
sistemin qısadövrlü formasında 7 dövr, 10 sıra və 8 qrup vardır.
Hidrogen atomu və ya qələvi metalla
başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə
üfüqi düzülmüş elementlər ardıcıllığına dövr deyilir.
Birinci üç dövr kiçik dövr, qalanları
böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki - tək
və cüt sıradan ibarətdir.
Dövrün nömrəsi bu dövrdə yerləşən
elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir.
Dövrlərdə olan elementlərin sayı tək
dövrlər üçün 0,5(n+1)2, cüt dövrlər üçün isə 0,5(n+2)2
ifadələri ilə tapılır. Burada n - dövrün nömrəsidir. Beləliklə, 1-ci dövrdə,
ikinci və üçüncü dövrlərdə 8, dördüncü və beşinci dövrlərdə 18 element,
altıncı və yeddinci dövrlərdə isə 32 element olmalıdır. Lakin yeddinci dövr
hələ ki, tamamlanmayıb odur ki, bu dövrdə hələ 32 element yoxdur.
6-cı dövrdə lantandan, 7-ci dövrdə isə
aktiniumdan sonra 14 f-elementi gəlir. Bu elementlər müvafiq olaraq,
lantanoidlər və aktinoidlər adlanır. Onlar şərti olaraq, lantanla və
aktiniumla bir xanada olub, cədvəlin aşağısında ayrıca olaraq yerləşdirilir.
Dövri cədvəlin şaquli sütununda
yerləşmiş elementlər ardıcıllığına qrup deyilir. Bir qayda olaraq elementin
ən yüksək müsbət oksidləşmə dərəcəsi və ən yüksək valentliyi qrupun
nömrəsinə uyğun gəlir. Bunun səbəbi bir qrupda yerləşmiş elementlərin
atomlarında qrupun nömrəsinə bərabər sayda valent elektronlarının olmasıdır.
N, O, F, Au, Cu elementləri bu baxımdan istisnadır.
Lakin bir qrupda yerləşən elementlərin
xassələrində fərq də vardır. Bu səbəbdən hər bir qrup əsas və əlavə
yarımqruplara bölünür.
Həm kiçik, həm də böyük dövrün
elementlərindən (s və p- elementləri) ibarət olan yarımqruplara əsas
yarımqrup deyilir. Yalnız böyük dövrlərin elementlərindən (d- elementləri)
ibarət olan yarımqrupa əlavə yarımqrup deyilir. Əlavə yarımqruplar yalnız
metallardan ibarətdir. 8-ci qrupda bir əsas və üç əlavə yarımqrup - dəmir,
kobalt, nikel yarımqrupları yerləşir.
Əsas yarımqrup elementlərinin
atomlarında valent elektronlarının hamısı xarici səviyyədə yerləşir.
Əlavə yarımqrup elementlərinin
atomlarında xarici səviyyədə adətən 2 (və ya 1) elektron yerləşir, qalan
valent elektronları isə axırdan ikinci səviyyənin - d- yarımsəviyyəsini
tamamlayır. (lantanoid və aktinoidlərdə valent elektronları ilə müvafiq
olaraq 4f- və 5f- yarımsəviyyələri tamamlanır).
[Əvvəlki səhifə]