Metallar suya salındıqda onların kristal qəfəslərinin düyünlərində yerləşmiş müsbət yüklü ionlar məhlula keçir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə görə bu ionlar suda hidratlaşmış şəkildə mövcuddur.
    N.Beketov 1865-ci ildə metalları onların aktivliklərinin azalması istiqamətində bir sıraya düzmüş və onu sıxışdırma sırası adlandrmışdır. Hazırda bu sıraya metalların elektrokimyəvi gərginlik sırası (daha dəqiq, metalların standart elektrod potensialları sırası) deyilir. Bu sırada hər bir metalın tutduğu yer onun standart elektrod potensialının qiymətinə uyğun gəlir.
    Elektrokimyəvi gərginlik sırası metalların suda hidratlaşmış ionlar əmələ gətirməsi qabiliyyətinin azalması ardıcıllığını əks etdirir.
    Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Pb, H2, Cu, Hg, Ag, Au
    Bu sıraya əsasən demək olar ki, suda litium ən asan, qızıl isə ən çətin hidratlaşmış ion əmələ gətirən metaldır.
    Gərginlik sırası metalların kimyəvi aktivliyini yalnız su mühitində gedən oksidləşmə-reduksiya reaksiyalarında xarakterizə edir. Odur ki, metalların bu sıradakı kimyəvi aktivliyi, onların dövri sistemdəki vəziyyəti ilə bəzən uyğun gəlmir. Belə ki, dövri sistemdə metalların kimyəvi aktivliyi yalnız təcridedilmiş atomların ionlaşma enerjisinin qiyməti ilə, gərginlik sırasında isə metalın suda hidratlaşmış iona çevrilməsinə sərf olunan enerjinin qiyməti ilə müəyyən olunur.
    Metalların elektrokimyəvi gərginlik sırasından aşağıdakı nəticələr əldə edilir:
1. Sırada metal nə qədər solda yerləşirsə, o, kimyəvi cəhətdən daha aktivdir, asanlıqla oksidləşir və qüvvətli reduksiyaedici xassə göstərir. Onun kationunun oksidləşdiricilik xassəsi isə zəif olur.
2. Metal nə qədər sağda yerləşirsə, o, kimyəvi cəhətdən daha az aktivdir, çətin oksidləşir. Onun kationu isə daha qüvvətli oksidləşdirici xassəyə malik olur.
3. Sırada hər bir metal özündən sağda duran metalları onların duzlarının su məhlullarından və ya ərintilərindən sıxışdırıb çıxarır. Bu qaydaya su ilə qarşılıqlı təsirdə olan qələvi və qələvi-torpaq metalları, həmçinin səthində qoruyucu oksid təbəqəsi olan metallar (məsələn, Al) tabe olmur.
4. Sırada hidrogendən solda yerləşən metallar duru turşulardan (nitrat turşusundan başqa) hidrogeni sıxışdırıb çıxarır; hidrogendən sağda yerləşənlər isə onu çıxara bilmir.
5. Gərginlik sırasında hər hansı iki metal arasındakı potensiallar fərqi nə qədər böyük olsa, onlardan düzəldilmiş qalvanik elementin e.h.q.-si də böyük olar.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png