Metalların və onların ərintilərinin
ətraf mühitin təsirindən dağılmasına korroziya deyilir. Dağılma prosesinin
mexanizminə görə korroziyanın iki növü ayırd edilir: kimyəvi və
elektrokimyəvi.
Metalların elektrik cərəyanın
keçirməyən mühitdə dağılmasına kimyəvi korroziya deyilir. Kimyəvi korroziya
zamanı elektronlar bilavasitə dağılan metal atomundan oksidləşdiriciyə keçir.
Elektrolit və ya su mühitində digər
metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi
korroziya deyilir.
Elektrokimyəvi korroziya turş, qələvi
və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş
mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar.
Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv
metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır.
Elektrokimyəvi korroziya aşağıdakı
hallarda sürətlənir:
1. Təmasda olan metallar elektrokimyəvi gərginlik
sırasında bir-birindən nə qədər uzaqda yerləşərsə;
2. Məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığı nə
qədər çox olarsa;
3. Temperatur yüksək olarsa;
4. Korroziyaya uğrayan metalda qatışıqlar çox olarsa.
Korroziyadan mühafizə üçün aşağıdakı
üsullardan istifadə edilir:
1. Metalların səthinə qoruyucu örtüklərin çəkilməsi.
Mühafizəedici örtüklər metallik (sink, qalay, qurğuşun, nikel, xrom vəs.) və
qeyri-metallik (boya, lak, emal, qatran və s.) olur.
Metalın səthindəki qoruyucu örtük
təbəqəsi qorunan metaldan passiv olarsa, onda qoruyucu təbəqənin dağıldığı
yerdən metalın korroziyası başlayır. Əgər qoruyucu örtük qorunan metaldan
aktiv olarsa, onda örtük təbəqəsi müəyyən yerdən dağılsa da üzərini örtdüyü
metalı qoruyur.
2. Korroziyaya davamlı ərintilərin alınması. Ərintilərin
tərkibinə Ni, Co, Cu və Cr əlavə etdikdə (belə proses legirlənmə adlanır)
korroziyaya davamlı ərintilər alınır.
3. Elektrokimyəvi üsullar. Bu məqsədlə protektor və katod
mühafizəsi üsulları tətbiq edilir.
a) Protektor mühafizəsi zamanı qorunan məmulata daha aktiv
metal, məsələn, Mg, Al, Zn pərçim edilir. Bu zaman korroziyaya daha aktiv
metal uğrayır.
b) Katod mühafizəsi zamanı qorunan məmulat sabit cərrəyan
mənbəyinin katoduna, mənbəyin anodu isə hər-hansı bir dəmir parçasına
birləşdirilir. Sabit cərəyan mənbəyi elektronları anoddan alıb katoda verir
və oksidləşdirici katodda reduksiya olunur; dəmir parçası dağılır, məmulat
isə qorunur.
4. Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın
qarşısını almaq və ya onun sürətini azaltmaq üçün metalın təmasda olduğu
mühitə korroziyanı yavaşladan maddə qatılır. Belə maddələr ingibitor adlanır.
Qeyri-üzvi maddələrdə - nitritlər,
xromatlar, fosfatlar və silikatlar, üzvi maddələrdən - amonlər ingibitor
kimi istifadə olunur.
[Əvvəlki səhifə]