Hər bir kimyəvi reaksiya müəyyən
istilik effektinə malik olur. Bu, reaksiya məhsullarının energetik
cəhətdən bir qayda olaraq, reaksiyaya daxil olan maddələrdən fərqlənməsi ilə
əlaqədardır.
Kimyəvi reaksiyaların energetik
effektinin müxtəli təzahür formaları mövcuddur. Məsələn, neftin yanması
istilik ayrılması ilə, qızdırıldıqda əhəng daşının parçalanması isə istilik
udulması ilə gedir.
Reaksiyanın istilik effekti sabit
temperatur və təzyiqdə gedən kimyəvi proses zamanı sistemin ayırdığı və ya
udduğu istilik miqdarı ilə xarakterizə olunur. Kimyəvi reaksiyalarda ayrılan
və udulan istilik miqdarı kalorimetr adlanan xüsusi cihazlarla ölçülür.
Lakin onu Hess qanununa əsasən hesablama yolu ilə də təyin etmək olur.
İstilik ayrılması ilə gedən kimyəvi
reaksiyalar ekzotermik, istilik udulması ilə gedən kimyəvi reaksiyalar isə
endotermik reaksiyalar adlanır. Yüksəkdavamlı kimyəvi birləşmələr bir qayda
olaraq, ekzotermik reaksiyalar üzrə əmələ gəlir. Həm də bu vaxt nə qədər çox
istilik ayrılırsa, birləşmənin davamlılığı da bir o qədər yüksək olar.
Əksinə, endotermik reaksiyalar nəticəsində əmələ gələn birləşmələr, adətən
özünün davamsızlığı ilə fərqlənir.
Qeyd edilənlərə əsasən kimyəvi
reaksiyalar istilik ayrılması ilə əlaqədar olan istiqamətdə getməlidir.
Doğrudan da nisbətən çox istilik ayrılması ilə əlaqədar olan kimyəvi
reaksiyalar öz-özünə və həm də bəzən çox şiddətli surətdə gedir. Lakin
yuxarıda göstərilənlərlə yanaşı bir çox endotermik reaksiyalar da məlumdur.
Endotermik reaksiyalara oksidlərin
reduksiyası yolu ilə metalların alınması reaksiyalarının əksəriyyəti, bütün
dönər reaksiyalar xarakterik misal ola bilər.
Termokimyada ayrı-ayrı kimyəvi
prosesləri və onların istilik effektlərini birlikdə əyani surətdə təsvir
etmək məqsədilə termokimyəvi tənliklərdən istifadə olunur. Termokimyəvi
tənliklərdə reaksiyada iştirak edən maddələrin formulları ilə yanaşı
reaksiyanın istilik effekti də göstərilir. Həm də bu zaman istilik effekti
tənliyin sağ tərəfində reaksiya nəticəsində alınan maddələrin formullarından
sonra əlavə edilir və ya nöqtəli vergüldən sonra müvafiq termodinamik
funksiyanın (ΔH) iştirakı ilə ayrıca yazılır.
Termokimyəvi tənlikdə hər bir maddənin formulunun yanında aşağıdakı
indekslərlə onun halı göstərilir: (q) -qaz, (m) - maye, (b) - bərk və s.
CaCO3(b)
= CaO(b) + CO2(q) - 37,8 kkal
CaCO3(b)
= CaO(b) + CO2(q); ΔH=+37,8 kkal
Termokimyada istilik effektinin ölçü vahidi kimi kaloridən (kal) və ya
kilikaloridən (kkal) istifadə edilir. Beynəlxalq vahidlər sistemində (BS)
isə enerjinin vahidi Coul (C) təsdiq edilmişdir. 1 kal = 4,1840 C.
[Əvvəlki səhifə]