Maddələr əsasən üç aqreqat halında olur:
qaz, maye və bərk. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır.
Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin
təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.
Bütün maddələr kifayət dərəcədə alçaq
temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin
hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma
ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən
forma və həcmə malik olur.
Mayedə hissəciklər arasındakı məsafə
əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən
zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan
bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən
ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən
həcmin olması və formanın olmaması xarakterikdir.
Maye maddə buxarlanma, qaynama
nəticəsində qaz halına keçir. Bu halda hissəciklər arasındakı məsafə mayedə
olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən bir neçə dəfə
böyük olur. Buna əsasən hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri
daha artıq zəifləyir. Bu halda isə hissəciklər öz yerlərini sərbəst surətdə
dəyişə bilir.
Maddənin dördüncü halı da mövcuddur.
Çox yüksək temperaturlarda maddələr ionlaşmış qaza - plazmaya çevrilir.
Maddənin "plazma" adlanan bu halını yerlərini yerlərini fasiləsiz dəyişən
elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil edir. Temperaturu
10000-100000 0C-yə bərabər olan plazma "soyuq", 1000000 0C-yə
qədər olan plazma isə "qaynar" plazma adlanır. Axırıncı halda plazmada
neytral atomlar olmur. O yalnız elektron, ion və atom nüvələrinin
qarışığından ibarət olur. Buna görə də, plazma elektroneytral olsa da, o,
elektron və ion keçiriciliyinə malik olur.
[Əvvəlki səhifə]