Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən elektrolitlər əridilmiş halda və ya su məhlullarında ion keçiriciliyinə malikdir, yəni sabit elektrik mənbəyinin təsiri ilə ionlar istiqamətlənmiş hərəkət edir. Bu zaman müsbət yüklü ionlar (kationlar) katoda (K¯), mənfi yüklü ionlar (anionlar) anoda (A+) tərəf hərəkət edirlər. Kationlar katoddan özlərinə elektron birləşdirib reduksiya olunur, anionlar isə anoda öz elektronlarını verib oksidləşirlər.
    Elektrolit məhlulundan və ya ərintisindən sabit elektrik cərəyanı keçirdikdə elektrodlarda baş verən oksidləşmə-reduksiya proseslərinə elektroliz deyilir.
    Elektroliz zamanı elektrik cərəyanı hesabına elektrodlarda baş verən elektrokimyəvi proseslərin xarakteri müxtəlif amillərdən asılıdır.
    Məsələn, NaCl ərintisini elektrolizə uğratdıqda katodda natrium metalı ayrılır. NaCl-un suda məhlulunu elektrolizə uğratdıqda isə katodda hidrogen ayrılır.
    Bu səbəbdən elektrolitlərin ərintilərinin və suda məhlullarının elektrolizini bir-birindən fərqləndirmək lazım gəlir.
    Ərintilərin elektrolizi nəticəsində elektrodlarda elektrolitin ionları müvafiq maddələrə çevrilir:
    2NaCl → 2Na + Cl2
    Bir neçə duz qarışığının ərintisinin elektrolizi zamanı elektrodlara ayrıan maddələrin ayrılma ardıcıllığını təyin etmək üçün kationların katodda reduksiyası və anionların anodda oksidləşməsi sıralarından aşağıdakı qayda üzrə istifadə edilir:
    Katodda əvvəlcə daha sağda duran kation reduksiya olunur, anodda isə daha solda duran anion oksidləşir.
    Li+, K+, Ca2+, Na+, Mg2+, Al3+, Mn2+, Zn2+, Cr2+, Fe3+, Pb2+, H+, Cu2+, Hg2+, Ag+, Au3+
    I¯, Br¯, S2¯, Cl¯, OH¯, (SO42¯, NO3¯, PO43¯), ..., F¯
    Elektrolitlərin suda məhlullarının elektrolizi zamanı elektrod proseslərində elektrolit ionlarından başqa su molekulları, həmçinin nisbi qatılığı mühitlə müəyyən olunan H+ və OH¯ ionları da iştirak edə bilər. Belə hallarda elektrodlarda baş verən bu və ya digər elektrokimyəvi prosesin üstünlüyü yuxarıdakı sıralar ilə aşağıdakı qaydada müəyyən olunur:
    Katodda:
1. Hidrogendən sağda duran kationlar reduksiya olunur və metal ayrılır.
2. Al3+ ionu və ondan solda duran kationlar reduksiya olunmur, onların əvəzinə su molekulları reduksiya olunur və H2 ayrılır.
3. Al3+ ionu ilə H arasında yerləşən kationlar neytral mühitdə reduksiya olunur və metal ayrılır; turş mühitdə isə onların əvəzinə H+ ionları reduksiya olunur.
    Anodda:
1. Əgər elektrolizə oksigensiz turşular və ya onların duzları uğradılırsa, onda onların anionları  I¯, Br¯, S2¯, Cl¯ ardıcıllığı ilə oksidləşərək müvafiq bəsit maddələrə çevrilir. Suda məhlullarda F¯ anionu oksidləşmir.
2. Əgər elektrolizə oksigenli turşularvə ya onların duzları uğradılırsa, onda anodda su molekulları oksidləşir və oksigen ayrılır.
    Anodda baş verən proseslərin xarakteri həmçinin anodun hazırlandığı materialdan asılıdır.
    Anodlar həll olmayan (qrafit, iridium, platin) və həll olan (mis, nikel, alüminium) olur.
    Elektroliz qalvanostegiya və qalvanoplastikanın əsasını təşkil edir. Qalvanostegiya yolu ilə metal əşyaları korroziyadan qorumaq, eləcə də gözəl xarici görünüş vermək üçün onların səthinə digər metalın - xrom, qızıl, gümüş, mis, nikelin nazik təbəqəsini çəkirlər.
    Qalvanoplastika relyefli əşyaların surətinin çıxarılmasında geniş istifadə olunur.
   
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png