Elementlərin qarşılıqlı kimyəvi təsiri zamanı əmələ gələn ümumi elektron cütləri molekulun tərkib hissələri arasında müxtəlif cür fəza vəziyyəti tutur ki, bu da kovalent rabitənin iki xüsusi halının meydana çıxmasına səbəb olur.
    Qarşılıqlı kimyəvi təsirdə eyni bir elementin iki atomu iştirak etdiyi halda ümumi elektron cütü atomlar arasında simmetrik, yəni molekulda onların mərkəzində "yerləşərək", hər iki atoma eyni dərəcədə aid olur. Belə molekullar elektrosimmetrik xarakterli olurlar. Buna əsasən belə molekullar qeyri-polyar molekul adlanır. Qeyri-polyar molekulların əmələ gəlməsinə səbəb olan kimyəvi rabitə qeyri-polyar kimyəvi rabitə adlanır.
    Molekul elektromənfiliyi müxtəlif olan element atomlarından təşkil olunduqda, ümumi elektron cütü hər iki atomun orta hissəsində deyil, onlardan elektromənfiliyi yüksək olan element atomuna nisbətən yaxın "yerləşir". Molekulda ümumi elektron cütünün atomlardan birinə tərəf yönəlmə prosesi polyarlaşma adlanır. Ümumi elektron cütünün atomlardan birinə nisbətən yaxın olması nəticəsində molekulda müsbət və mənfi yüklərin ağırlıq mərkəzləri bir-birinin üzərinə düşmür və onların arasında müəyyən məsafə yaranır.
    Bu növ molekullar polyar molekullar, onların atomları arasında mövcud olan rabitə isə polyar kovalent rabitə adlanır.
    Polyar molekullar təbiətinə görə bir-birindən fərqlənən element atomlarının qarşılıqlı kimyəvi təsiri zamanı əmələ gəlir.
    Molekulda müsbət və mənfi yüklərin ağırlıq mərkəzləri arasındakı məsafəyə dipol uzunluğu deyilir. Beləliklə, molekulu təşkil edən elementlər elektromənfiliyinə görə bir-birindən daha çox fərqləndikdə, yəni ümumi elektron cütü atomlararası mərkəzi hissədən daha çox uzaqlaşdıqda, dipol uzunluğu və molekulun polyarlığı da bir o qədər artır. Molekulun polyarlıq dərəcəsi dipol momenti ilə ifadə edilir. Dipol momenti (μ) dipolun uzunluğu (l) və elektron yükünün (ē) hasili ilə səciyyələnir:
    μ=l*ē
    Dipol uzunluğu təqribən iki atom nüvələrinin arasındakı məsafəyə (10-10 m), elektronun yükü isə 4,8*10-10 elektrostatik vahidə bərabər olduğundan, dipol momoentinin təqribi qiyməti aşağıdakı kəmiyyətlə xarakterizə oluna bilər:
     μ=4,8*10-10el.st.v.*10-10 m = 4,8*10-20 el.st.v*m
    Bu kəmiyyət dipol momenti üçün vahid qəbul edilmişdir ki, o da Hollandiya alimi Debayın şərəfinə "debay" adlanır və "D" hərfi ilə işarə olunur.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png