İnsan gəlir dünyaya,
İnsan gedir dünyadan.

Dünya İnsan gözləyir,
Dünyanın gözü yolda.
Dünya öz yerindədir,
İnsanın özü yolda.

İnsan gəlir dünyaya,
Dərdlərə yoldaş olur.
Torpaqdan İnsan olur,
İnsan dönüb daş olur.

Ruhu səmanın üstdə,
Cismi torpağın altda, 
İkiyə bölünməkçün
İnsan yaşar həyatda.

Ömür dediyin nədir?!
Qucaqdan çiyinədək
İkicə qarış yola
Fələk deyirlər, fələk.



Dünyaya nə üçün gəlmişik axı?!
Niyə yaşamağı biz bacarmırıq?!
Səbirsiz gözləyib hər gün sabahı,
Bugündən bir zərrə zövq də almırıq.

Yalnız dünən üçün oluruq peşman;
Boşuna keçirdik deyib yanırıq.
Yaşaya bilmirsək, neyləsin zaman;
Biz öz-özümüzə də aldanırıq.

Bizlər özümüzdən əsirgəyirik
Deməyi-gülməyi, yaşamağı da.
Sonra Tanrıdan səbir diləyirik,
Günahı axtarıb pisdə, yağıda.

Günah - unutmaqdır bugünümüzü,
Hansı ki, səbirlə bərbad edirik.
Bax, Tanrı səbirli yaradıb bizi,
Səbirlə ölümə sarı gedirik.

Kaş ki, bu dünyaya səbirsiz gəlib,
Hər günə bir ömrü sığışdıraydıq.
Bir ömür sabahkı günü gözləyib,
Pərişan olmağa nöqtə qoyaydıq.

Bugün dünənimizin sabahı, sabahımızın dünənidir. Ömrümüz yalnız bugünlərdən ibarətdir. Bugünümüzün qədrini bilək!



Mənə bir az yalan danış,
Söz verirəm, inanacam.
Arşın-arşın, qarış-qarış
Yalanlarına möhtacam.

Həqiqətlər çox acıymış,
Mənə şirin yalan söylə.
İki kəlmə sözün olsa, 
Mənə birin yalan söylə.

Bilirsən ki, mən həssasm
Hər bir sözə, hər cümləyə.
Öyrəşdir qulaqlarımı
Xoş kəlmələr eşitməyə.

Sevməsən də, de sevirəm,
Gül üzümə, aldat məni.
Söykənim yalanlarına,
Qoyma yıxsın həyat məni.

Zəifəmsə, güclüsən de.
Çirkinəmsə, de gözəlsən.
Doğrulara inanmadım,
İnanacam, yalan desən.



Aldanma hər sözə, hər gülən üzə!
Səni yanıltmasın qəmzələr, nazlar!
Doya bilmədiyin bu şirin həyat
Səni ummadığın anda boğazlar.

Güvənmə həyatda özgəyə əsla!
Qazılan quyunun üstü açıqdır.
Dalarsan xüylaya, bir də baxarsan,
Ağlına gəlməyən qarşına çıxdı.

Bilərsən düşəndə çətinə-bərkə
Dost sandığın kimlər düşmən olacaq.
Zindan qapısıdır, kim bilir, bəlkə
Sənə mehribanca açılan qucaq?!



Düşünmə ki sən olmasan, dağılardı bu dünya,
Mən də ölərdim sənsiz...
Dünya yenə var olardı, mən də ki sağ salamat...
Boylanardı üfüqdən günəş doğub hər səhər,
Gəzərdi göy üzünü axşam düşənə qədər.
Quşlar ötərdi yenə ağacların qoynunda.
Yamac boyunca növ-növ açılardı çiçəklər.
Arılar bal çəkməkçün qonardı çiçəklərə.
Bildiyin hər meyvədən yetişərdi yenə də.
Fəsillər dəyişərdi öz zamanı gəlincə,
Yazda, payızda yağmur, qışda da qar yağardı.
Nə mən ölərdim sənsiz, nə dünya dağılardı.
Fəqət, sən olmasaydın, bilirsən, nə olardı?
Mən duymazdım quşların o gözəl nəğməsini,
Çiçəklərin ətrini hiss eləyə bilməzdim...
Min çiçəkdən toplansa, balın dadı olmazdı...
Toxunsa da dərimə əsla hiss eləməzdim nə yağmuru, nə qarı.
Nə günəşi görməzdim, nə çiçəkdən don geymiş al-əlvan yamacları...
Sən olmasan, dünyada azalardı bir qadın,
Mənimçünsə, qaçardı bütün dünyanın dadı...



Bəzən xülyalara qərq olur insan,
Ümid üfüqündə o, gözdən itir.
Həmin ümiddir ki, bizi yaşadan,
O puç olduğu an həyat da bitir.

Bir ümid bir həyat qədər dəyərli,
Bir həyat bir ümid qədər cılızmış.
Yaşaya bilənlər böyük hünərli,
Yaşadığı dünya yaman qəlizmiş.

Yatırsan, ümidlə açılır səhər
Ümidmiş həyatın yanan günəşi.
Bəzən bircə ümidverici xəbər
Ayaqlar altına sərərmiş ərşi.



Əngin səmalarda qərq olur xəyal,
İnsan arzusunu göydə axtarır.
Dünya dar gələnin göydə yeri var
Ruh azadlığına səmada varır.

Gözlər yumulanda zülmət bir boşluq...
Arzular parlayır ulduzlar kimi.
Mən arzu görmədim bənizi soluq,
Yoxdur arzuların çəni, çiskini.

Gün doğur. Dünyada bir səhər çağı,
Qeyb olur qaranlıq bu parlaq nurla.
Fəth edir səmanı “göylərin şahı”,
Yerə həyat verir baxıb qürürla.

Ulduzlar görünmür, səma rəng alır,
Dünya gözəlləşir onu görəndə.
Könlüm bu gerçəkdən bir ahəng alır,
İnsan belə sevə gərək sevəndə.

Gözlər açılanda üzünü görcək,
Kaş qalan arzular görünməz ola.
Dünyanın Günəşə olan eşqi tək,
İnsanın eşqi də tükənməz ola.



Universitet həyatımızın son günü üçün qələmə aldığm misralar.

Xəyalları canlandı gözlərimin önündə,
Ürəyinə baş çəkdi dörd ilin xatirəsi.
Univeritet ömrünün axırıncı günündə,
Sanki, bir röya idi "Buraxılış gecəsi".

Bugün hər tələbə qız ulduza bənzəyirdi,
Ulduzlar sayrışırdı, qızlar gülümsəyirdi.
Çox gözəl gün görsəm də, anlamadım, nə sirdi?!
Onlardan fərqlənirdi "Buraxılış gecəsi".

Hər çöhrədə təbəssüm, hər qəlbdə kədər vardı.
Könlümüzün hakimi təzadlı duyğulardı.
Qəfil vucudumuzu hicran soyuğu sardı,
Bizim tək titrəyirdi "Buraxılış gecəsi".

Tələbəlik illəri göz yaşlarına döndü,
İnci tək göz yaşları yanaqlarda süründü,
Səssiz-səmirsiz gecə hönkürtüyə büründü,
Elə bil inləyirdi "Buraxılış gecəsi".

Bugün elə gündü ki, indi keçən hər bir an
Bizləri ayırırdı dostlardan, yoldaşlardan.
Doğma Universitet də boylanıb zaman-zaman
"Əlvida!" - söyləyirdi buraxılış gecəsi.



Çox sevdiyim bir tələbəmə motivasiya yönlü bir neçə misra...

Sonsuz ümidlərlə doğulur insan,
Onlardır həyata bağlayan bizi.
Necə ki, ümidlə sən doğulmusan,
Aç xoşbəxt günlərə ümid dəhlizi.

Qorxma çətinlikdən, qorxma əzabdan.
Qalib ol, əzminlə çıx bu sınaqdan.
Ağlarsan, göz yaşı axar yanaqdan,
Əmin ol, onun da çox qalmaz izi.

Çəkilər buludlar ağaranda dan,
Doğar səadətin günəşi o an.
Səni tənha qoymaz ulu Yaradan,
Ey göylər mələyi, sular pərisi.



Zaqatalada hərbi xidmət zamanı istifadə etdiyim xatirə dəftərimdən...

Günəş qürub edir, dəyişir zaman,
Təbiət həzin bir röyaya dalır.
Ulduzlar sayrışır göydə durmadan,
Gah yanır, gah sönür, min rəngə çalır.

Gümüştək parlayır ay asimanda,
Üzüb buludlara bir-bir yanaşır.
Tənha qayıq kimi qərib limanda,
Bilinməz yerləri gəzib dolaşır.

Çılpaq ağacların vahiməsində
Qəlbləri oxşayan bir sehr vardır.
Qış yelinin tükürpədən səsində
Çillənin nəğməsi lap aşikardır.

Donub göz yaşları gözlərindəcə
Sakit, səs-səmirsiz susub bulaqlar.
Elə bil günahkar bilib, sadəcə,
Qar donlu dağlardan küsüb bulaqlar.



Bilmirəm özüməm, ya özgəsiyəm?
Elə bil, özümdən ayrı düşmüşəm.
İndi o mənimin bir kölgəsiyəm,
Güzgüdə əksimlə yer dəyişmişəm.

Kaş ki baxmayaydım sınıq güzgüyə,
İndi onun kimi param-parçayam.
Özümü axtardım baxıb özgəyə,
Bir kimsə tapmadım, ümid bağlayam.

Bilmirəm mən kiməm, bilmirəm nəyəm.
Harada itirdim özümü axı?
Elə bil, dolaşıq labirintdəyəm,
Məni bura salan yuxarıdan baxır.

Nə zaman çıxacam mən bu sınaqdan?
Bura düşməyimin səbəbi nədir?
Çıxmağa tapacam qapıdan-zaddan,
Yoxsa qalacağam burda əbədi?

Dərdini çəkirəm dərənin, dağın.
Gözümdə sonsuza uzanır yollar.
Bəlkə, çəkildiyim ağır sınağın
Özü kimi böyük mükafatı var?!